87.The Most High

  1. Ən Uca Rəbbinin adına təriflər de
  2. O Rəbbin ki, hər şeyi yaradıb kamilləşdirdi
  3. O Rəbbin ki, hər şeyin müqəddəratını əzəldən müəyyən edərək yol göstərdi
  4. O Rəbbin ki, otlağı cücərtdi
  5. sonra da qaralmış samana çevirdi
  6. Biz sənə Quranı elə oxumaq imkanı verəcəyik ki, o, yadından çıxmayacaq
  7. Əlbəttə, Allahın istədiyindən başqa. Həqiqətən, O, aşkardakından da, gizli qalandan da xəbərdardır
  8. Səni ən asan olana müvəffəq edərik
  9. Xatırlatmanın fayda verdiyini görsən, onlara xatırlat
  10. Allahdan qorxanlar öyüd-nəsihət götürərlər
  11. Ən bədbəxt kimsələr isə onu qulaqardına vurarlar
  12. O kimsə ki, Cəhənnəmə atılacaq
  13. O orada nə öləcək, nə də yaşaya biləcəkdir
  14. Günahlardan təmizlənən kimsə isə uğur qazanmışdır
  15. O kimsə ki, Rəbbinin adını xatırlayıb namaz qılmışdır
  16. Xeyr, siz dünya həyatını olduqca üstün tutursunuz
  17. Axirət isə daha xeyirli və daha sürəklidir
  18. Həqiqətən də bu, əvvəlki səhifələrdə bildirilmişdir –
  19. İbrahimin və Musanın səhifələrində