86.The Morning Star

  1. And olsun səmaya və gecə yolçusuna
  2. Sən nə bilirsən ki, gecə yolçusu nədir
  3. Bu, qaranlıqları dəlib keçən ulduzdur
  4. Elə bir kimsə yoxdur ki, onun üzərində gözətçi olmasın
  5. Qoy insan nədən yaradıldığına bir baxsın
  6. O, süzülüb tökülən bir mayedən yaradılmışdır
  7. Bu maye bel və köks sümükləri arasından çıxır
  8. Şübhəsiz ki, Allah onu dirildib qaytarmağa qadirdir
  9. Sirlərin sınaqdan keçiriləcəyi gün
  10. onun nə bir qüvvəsi, nə də bir köməkçisi olar
  11. And olsun yağmurla qayıdan göyə
  12. And olsun növbənöv bitkilərlə yarılan yerə
  13. Həqiqətən, bu, haqqı batildən ayırd edən bir kəlamdır
  14. O, əyləncə də deyildir
  15. Həqiqətən, kafirlər hiylə qururlar
  16. Mən də hiylə qururam
  17. Kafirlərə hələ möhlət ver! Onlara bir az da möhlət ver