83.Defrauding

  1. Çəkidə və ölçüdə aldadanların vay halına
  2. O kəslərin ki, camaatdan bir şey aldıqda onu tam almaq istəyərlər
  3. onlar üçün bir şey ölçdükdə və ya çəkdikdə onu ziyana salarlar
  4. Onlar dirildiləcəklərini fikirləşmirlərmi
  5. Həm də əzəmətli bir gündə
  6. O gündə ki, insanlar aləmlərin Rəbbinin qarşısında dayanacaqlar
  7. Xeyr! Həqiqətən, günahkarların kitabı Siccindədir
  8. Sən haradan biləsən ki, Siccin nədir
  9. O, yazılı bir kitabdır
  10. O gün haqqı yalan hesab edənlərin vay halına
  11. O kəslərin ki, Haqq-hesab gününü yalan hesab edirlər
  12. Amma bunu, həddini aşan günahkardan başqa, heç kəs yalan hesab etməz
  13. Ayələrimiz ona oxunduğu zaman: “Bu, keçmişdəkilərin uydurduğu əfsanələrdir!”– deyir
  14. Xeyr! Onların qəlbini qazandıqları günahlar bürümüşdür
  15. Xeyr, həmin gün onlarla Rəbbi arasına pərdə çəkiləcək
  16. Sonra onlar Cəhənnəmə girəcəklər
  17. və onlara deyiləcək: “Budur sizin yalan hesab etdiyiniz Cəhənnəm!”
  18. Xeyr! Həqiqətən, itaətkarların kitabı İlliyyundadir
  19. Sən haradan biləsən ki, İlliyyun nədir
  20. O, elə bir yazılı kitabdır ki
  21. onu yalnız Allaha yaxın olanlar görürlər
  22. Həqiqətən, itaətkarlar nemətlər içində olacaqlar
  23. Onlar taxtlar üstündə seyrə dalacaqlar
  24. Sən onların çöhrəsində səadət parlaqlığı görəcəksən
  25. Onlara möhürlü şərabdan içirdiləcəkdir
  26. Onun möhürü müşkdür. Qoy çalışanlar onun üçün səy göstərsinlər
  27. Onun qatışığı isə təsnim bulağındandır
  28. O təsnim elə bir bulaqdır ki, ondan Allaha yaxın olanlar içərlər
  29. Doğrudan da, günah edənlər iman gətirənlərə gülürdülər
  30. onların yanından keçdikdə bir-birinə qaş-göz edirdilər
  31. öz ailələrinin yanına fərəhlə qayıdırdılar
  32. möminləri gördükdə isə deyirdilər: “Həqiqətən, bunlar azmışlardır!”
  33. Halbuki bu günahkarlar onlara gözətçi qoyulmamışdılar
  34. Bu gün məhz iman gətirənlər kafirlərə güləcəklər
  35. Onlar taxtlar üstündə ətrafa baxacaqlar
  36. Kafirlər törətdiklərinin cəzasını aldılarmı